Maliyyə əlçatanlığının asanlaşdırılması ilə bağlı təkliflər hazırlanıb

2020.01.13 17:54 (UTC+04:00)

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) maliyyə əlçatanlığının asanlaşdırılması, maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə bağlı təkliflər hazırlayıb. AMFA-nın İdarə Heyətinin üzvü Süleyman Kələşov “APA-Economics”ə bildirib ki, ötən həftə Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin sahibkarla görüşü zamanı maliyyə əlçatanlığı ilə bağlı məsələlər də müzakirə olunub. Onun sözlərinə görə, bu həftə qurumun bu istiqamətdə təklifləri və digər məsələlərin Mərkəzi Bankla yenidən müzakirəsi nəzərdə tutulur: “Maliyyə əlçatanlığı ilə bağlı təkliflərimiz ondan ibarətdir ki, zəmanət fondunda dəyişiklik edilsin, bir borcalan üzrə zəmanətin aşağı həddi 15 min manatdan 5-10 min manata endirilsin. Bu da öz növbəsində kiçik sahibkarların maliyyə əlçatanlığının artmasına dəstək olar”.
Qeyd edək ki, zəmanət borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bank qarşısında öhdəliyidir. S.Kələşov regionlarda kreditləşmə ilə bağlı məsələlərin də müzakirə olunduğunu bildirib: “Real sektorun maliyyələşməsində problemlər var. Azərbaycanda 15 mlrd. manatdan çox kredit portfelinin 80%-i Bakı şəhərindədir. Səbəb də bankların risklə bağlı həmin istiqamətdə hərəkət etməməsidir. Zəmanət Fonduna təklif etdiyimiz səlahiyyət verilsə, o bazar daha da inkişaf edə bilər, sahibkarların maliyyə əlçatanlığı asanlaşar”.
O qeyd edib ki, 2019-cu ilin dekabr ayına mikromaliyyələşmənin kredit portfeli təxminən 370 mln. manatadək olub.