ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda dünya bazarında neftin qiyməti artaraq 70 dolları ötsə də, yenidən 65 dollar səviyyəsinə düşüb. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov hesab edir ki, qarşıdakı aylarda neftin qiymətinin formalaşmasında məhz Yaxın Şərqdə baş verən proseslər önəmli olacaq: "İlin ilk günlərindən proseslərin gərginləşməsi artıq neft bazarına öz təsirini göstərir və neft qiymətlərində kəskin artıma doğru korreksiyanın şahidi olduq. Hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini təhlil etsək, bu proses yaxın həftələrdə neftin qiymətinə təsir göstərəcək. Əgər hadisələr daha pis ssenari üzrə inkişaf etsə, onda neft qiymətində korreksiyalar da kəskin şəkildə ola bilər. Amma bu daha az ehtimal olunan variantdır. Çünki bu ilin ABŞ-da prezident seçkiləri ili olması, eləcə də İran tərəfindən qisasın alındığının açıqlanması hadisələrin daha yumşaq ssenari üzrə inkişaf edəcəyini söyləməyə əsas verir. Düşünürəm ki, neft qiymətlərində kəskin dəyişikliklərin şahidi olmayacağıq.
Orta müddətli perspektivdə isə neft qiymətlərinə OPEC+ formatında aparılan danışıqların təsiri daha çox olacaq. Bu çərçivədə aparılan müzakirələrə əməl edilərsə, ən yüksək ehtimal olunan ssenari kimi neft qiymətlərinin 60-65 dollar ətrafında formalaşacağı proqnozlaşdırılır.
Sözsüz ki, neftin qiymətində baş verən bütün dəyişikliklərin Azərbaycan iqtisadiyyatına da ciddi təsirləri var. Çünki Azərbaycanın əsas ixrac məhsulu neftdir. Bir tərəfdən neft qiymətlərinin artımı həm maliyyə resurslarının, həm də investisiya imkanlarının genişlənməsi baxımından ölkə iqtisadiyyatı üçün əlverişli olsa da, nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə gərginliyin artması, hərbi-siyasi münaqişələrin dərinləşməsi bütövlükdə dünya iqtisadiyyatında çox ciddi mənfi təsirlərlə nəticələnə bilər. Bu baxımdan Azərbaycan üçün də proseslərin daha gərgin şəkildə inkişaf etməsi məqbul sayıla bilməz".
Səbuhi TURAN