2019-cu ilin dekabr ayı üzrə respublikada gündəlik neft hasilatı 771 min barrel olub. Bunun 680 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib. Energetika Nazirliyindən bildirilib ki, gündəlik 457 min barel xam neft, 84 min barel kondensat, 19,9 min barel neft məhsulları ixrac olunub.
Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair 2018-ci il 7 dekabr tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus" üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.