Qazaxıstan 2020-ci ildə Azərbaycandan keçməklə konteyner daşımalarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Bu barədə "Qazaxıstan Dəmir Yolu" ASC-nin törəmə şirkəti olan "KTZ Express" ilə "Çin Dəmir Yolları"nın törəmə şirkətləri olan CRIMT və CRCT-nin rəhbərliyinin görüşündə razılıq əldə olunub. Belə ki, tərəflər Çin - Avropa - Çin, Çin - Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu – Çin kimi istiqamətlər üzrə konteyner daşımalarının həcminin 2020-ci ildə 15-20 faiz artırmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur.