Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması

2020.01.10 15:21 (UTC+04:00)

Vergitutma tətbiqi baxımından bazar qiyməti – "nəzarət olunan" əməliyyatlarda tərəflərin tətbiq etdikləri qiymətə qarşı vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı vergidənyayınma risklərinin azaldılması məqsədilə tətbiq olunan alternativ qiymətdir. Burada "nəzarət olunan" əməliyyat dedikdə, vergilərin bazar qiymətləri nəzərə alınmaqla hesablandığı əməliyyatlar başa düşülür.

Qeyd olunan tərifdən də göründüyü kimi, bazar qiyməti, yalnız "nəzarət olunan" əməliyyatlarda və yalnız vergilərin hesablanması zamanı, yəni müstəsna olaraq vergitutma məqsədləri üçün nəzərə alınır və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Başqa sözlə, əks hal sübuta yetirilmirsə, tərəflərin əməliyyatda təsbit etdikləri qiymət elə bazar qiyməti kimi qəbul edilir.

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

VM-in 14.4-cü maddəsinə əsasən, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək ən yaxın tarixdə eyni və ya analoji mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir.

Həmçinin, bazar qiyməti müəyyənləşdirilərkən, qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Yəni, bu halda, müvafiq əməliyyata bazar qiyməti tətbiq olunmur.

Yuxarıda qeyd olunan qaydada bazar qiymətini tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər, nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasındakı əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınmaqla müəyyən edilir. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.

Bazar qiyməti müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

Qeyd etmək lazımdır ki, malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır.

Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda və ya rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

Birinci üsulda malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı və (və ya) təkrar satış qiymətinə əsasən müəyyən olunur. Burada təkrar satış dedikdə, malların (işlərin, xidmətlərin) növbəti dəfə fərqli alıcıya satışı, sonrakı satış dedikdə isə malların alıcısının həmin malları sonradan başqa alıcıya satması başa düşülür. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

İkinci üsulda isə bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

İndi isə xərc və gəlirin yoxlanılması baxımından bazar qiymətinin tətbiqi qaydalarına diqqət yetirək. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır:

Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi VM-ə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin VM-də göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.

Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) ixrac istisna olmaqla təqdim olunarkən və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı – konkret olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI