Fransa ABŞ-ı rəqəmsal vergiyə qarşı sanksiya tətbiq etməkdən daşınmağa çağırıb

2020.01.10 13:35 (UTC+04:00)

Fransanın maliyyə naziri Bryono Le Mer ABŞ hökumətini sağlam düşüncəyə əsaslanmağa və Fransanın tətbiq etdiyi rəqəmsal vergiyə qarşı fransız mallarına əlavə gömrük rüsumları müəyyənləşdirmək təşəbbüsündən daşınmağa çağırıb.

"Ticarət müharibəsi heç kəsə lazım deyil, ona görə də amerikalı dostlarımızı müdrik olmağa, sağlam düşüncəyə əsaslanmağa və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində güzəştlər üzərində işləməyə dəvət edirəm", – Fransanın maliyyə naziri bildirib.

Onun sözlərinə görə, Fransanın tətbiq etdiyi rəqəmsal vergi təkcə Amerika şirkətlərini deyil, bu sahədə çalışan nəhəng şirkətlərin hamısını əhatə edir. "Ona görə də bu verginin diskriminasiya xarakteri daşıması barədə fikirləri rədd edirəm".

Le Mer qeyd edib ki, Paris ticarət müharibəsi istəmir, "ancaq ABŞ sona qədər dediyinin üstündə durub sanksiayalar tətbiq etsə, Fransa da buna cavab verəcək". Maliyyə naziri bildirib ki, hazırkı şəraitdə rəsmi Paris "təcili olaraq Dünya Ticarət Təşkilatına müraciət edəcək".