Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 min 28 işsiz və işaxtaran şəxs münasib işlə təmin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib.
Ötən il ərzində nazirliyin xətti ilə ümumilikdə 3 min 400-ə yaxın şəxs (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 3 min 168 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər) peşə hazırlığına cəlb olunub.
Ötən il ərzində xidmət tərəfindən 135 minədək gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar verilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü xidməti göstərilib.