Çindən Türkiyəyə meyvə daşınması Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə reallaşır

2020.01.08 15:02 (UTC+04:00)

Çindən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Türkiyəyə quru meyvə daşınmasına başlanılıb. Dekabrın son günlərində Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhərindən yola düşən qoz yüklənmiş 40 futluq 44 konteyneri daşıyan qatar Qazaxıstandan keçərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Yük yaxın bir neçə gün ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyənin Mersin şəhərinə çatdırılacaq. "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner"inin yükün daşınması üzrə operatorlardan biridir.

"Sincan meyvə qrupu" şirkətindən bildiriblər ki, Türkiyəyə yola salınmış 984 tondan çox olan qoz muxtar rayonun Hotan, Qaşğar və Ağsu prefekturularındakı fermerlerdən tədarük edilib. Muxtar rayonda yetişdirilən qoz keyfiyyəti və sabit qiyməti ilə son vaxtlar xarici müşərilərin, xüsusən də Türkiyə və Rusiyadan olan idxalçıların diqqətini cəlb etməyə başlayıb. Qoz yüklənmiş növbəti qatarın gələn ay eyni marşrutla Türkiyəyə yola salınması planlaşdırılıb.

Qeyd edək ki, Çin ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xəttinin istifadəyə verilməsi Çinin əsasən qərb hissəsində yerləşən vilayətlərindən yüklərin Avropaya daşınması üçün daha əlverişli imkanlar yaradıb. Yüklərin bu yolla Avropaya nəqli vaxt itkisini və daşınma xərclərini azaldıb.

İpək Yolu Beynəlxalq Ticarət Palatasının baş katibi Li Cunxan bir müddət əvvəl müsahibəsində bildirmişdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb: "Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirdi", - deyə baş katib bildirib. O Türkiyə, Azərbaycan və Gürcüstanı əhatə edən bu dəmir yolunun bir çox ölkələrin iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcəyini qeyd edib. Deyib ki, bu dəmir yolu "Bir kəmər, bir yol" strategiyasının səmərəliliyini artıracaq. Ona görə də Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir: "Belə ki, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Arzu edirik ki, təkcə Çin malları deyil, həm də Avropa yükləri bu yolla Çinə daşınsın".