ABŞ ilə Çin arasında gömrük vergilərinin qaldırılması ilə başlayan və dünya iqtisadiyyatına ciddi təsir göstərən ticarət müharibəsində bəzi məsələlərin həlli ilə bağlı təsirli addımların atılması zərurətə çevrilib. ABŞ Prezidenti Donlad Tramp rəsmi "Twitter" səhifəsindən paylaşdığı açıqlamada bildirib: "Çin ilə ən geniş və əhatəli ticarət sazişinin birinci mərhələsi ilə bağlı sənədləri yanvarın 15-də imzalayacağam. İmza mərasimi Ağ evdə təşkil olunacaq. Mərasimdə Çinin yüksək vəzifəli rəsmiləri iştirak edəcəklər. Sonrakı bir tarixdə isə sazişin ikinci mərhələsinin müzakirələri üçün Pekinə gedəcəyəm".
Ticarət sazişinin birinci mərhələsi bəzi gömrük vergilərinin hər iki tərəfdən qarşılıqlı şəkildə ləğv edilməsini, Çinin ABŞ-dan kənd təsərrüfatı, enerji və emal məhsullarını almağı artırmasını, eləcə də zehni mülkiyyət hüquqlarına dair bəzi anlaşmazlıqların aradan qaldırılmasını nəzərdə tutur.