2019-cu il üzrə "Azeri Light"ın orta satış qiyməti 66,79 dollar/barel təşkil edib

2020.01.08 13:07 (UTC+04:00)

Azərbaycanın əsas xam neft brendi olan "Azeri Light" markalı neftin bir bareli 2019-cu ildə çatdırılma nöqtəsində (CIF) ortalama 66,79 dollara satılıb. SOCAR-ın yaydığı məlumatda bildirilir ki, ötən il dünyada neftin orta qiyməti əvvəlki illə müqayisədə aşağı olduğuna görə, "Azeri Light" nefti də, həmçinin keçən ildə 2018-cu illə müqayisədə təxminən 9 faiz aşağı qiymətə alınıb. Belə ki, 2018-ci il üzrə "Azeri Light"ın orta satış qiyməti 73,3 dollar/barel təşkil edib.

2019-cu ildə "Azeri Light"ın qiymətinin pik həddi aprel ayında 77,23 dollar/barel səviyyəsində qeydə alınıb, il ərzində ən aşağı qiymət həddi isə düz bir il əvvəl, yanvarda 56,34 dollar/barel olub.

Hazırda "Azeri Light" neftinin bir barelinin qiyməti 70 dollardan yuxarıdır. Neftin qiyməti dünya bazarlarının tələb-təklif dinamikasından və alıcıların gözləntilərindən asılıdır. Digər neft növlərinin qiyməti dəyişəndə "Azer Light" neftinin qiyməti də dəyişir. "Azeri Light" yüngül və kükürd tutumu aşağı olan neft növü olduğuna görə, adətən "Brent” markalı neftə nisbətən premiya ilə satılır və hazırda "Brent"dən təxminən 2,25 dollar/barel bahadır.