Türkiyə mətbuatının məlumatına görə, bu gün İstanbulda "Türk axını" qaz kəmərinin açılış mərasimi keçiriləcək. Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin də qatılacağı gözlənilir. Azərbaycan mətbuatının məlumatına görə, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da "Türk axını" qaz kəmərinin açılış mərasimində iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.
Məlumatda bildirilir ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. "Türk axını" qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir.