Amsterdamda turistlərdən hər gecə üçün 3 avro əlavə vergi tutulur

2020.01.07 13:33 (UTC+04:00)

Niderlandın paytaxtı Amsterdam şəhərinə gələn turistlərdən bu il yanvar ayının 1-dən əlavə vergi tutulmağa başlanıb. Burada indiyə qədər də turist vergisi tətbiq olunurdu: otel otağının dəyərinin 7 faizi məbləğində vergi tutulurdu. Yeni qaydaya görə isə həmin vergidən əlavə, hər qonaqdan 3 avro vergi tutulur.

İngiltərənin "The Telegraph" qəzetinin xəbərinə görə, "Airbnb" platforması vasitəsilə sifariş vermiş turistlər də əvvəllər ödənilən vergi ilə müqayisədə 10 faiz həcmində əlavə vergi ödəməli olacaqlar.

Daimi əhalisinin sayı 1,1 milyon olan Amsterdam şəhərinə hər il 17 milyon turist gəlir. Qəzetin şərhində göstərilir ki, şəhərin rəhbərliyi son illərdə turist cəlb etmək siyasətindən əl çəkərək ölkəyə gələn qonaqların sayını azaltmağın yollarını axtarır.