IOTA-da vergi orqanlarının kommunikasiya formaları müzakirə edilib

2019.12.30 16:24 (UTC+04:00)

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Kommunikasiya Forumunun Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş ilk tədbirinin əsas mövzusu sosial media vasitəsilə təşviqat, ənənəvi və sosial media vasitəsilə həyata keçirilən kampaniyalar kimi məsələləri əhatə edib. Tədbiri giriş sözü ilə açan İOTA-nın İcraçı katibi Frantişek İmrecze hazırkı dövrdə sosial medianın önəmini, bunun vergi orqanlarının fəaliyyətinə təsirinin müstəsna əhəmiyyətini qeyd edib.

Tədbirdə Belçika təmsilçisinin "Vergi işçiləri – vergi orqanlarının səfirləri qismində", Finlandiya təmsilçisinin "Avropaya aparan yol – ChinaDesk təşəbbüsü", Litva təmsilçisinin "Vergi amnistiyası 2019", İspaniya təmsilçisinin media kompaniyaları barədə və Rumıniyanın "Sosial media təsir vasitəsi kimi – uğurlar və çağırışlar" mövzusunda təqdimatları olub. Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin Beynəlxalq əlaqələr Baş İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fəridə Məmmədova və Media və kommunikasiya idarəsinin Kommunikasiya şöbəsinin müfəttişi Fərrux Kərimov təmsil edib.

Forumun ilk günü Azərbaycan təmsilçiləri "İctimaiyyətlə açıq ünsiyyət – uğura aparan yol" mövzusunda təqdimat ediblər. Təqdimatda "Birlikdə kölgədən işıqlığa doğru" və "AĞART" kampaniyaları, o cümlədən Qüdrətli Dövlət naminə, Qayğıkeş Dövlət naminə, Təhlükəsiz Dövlət naminə sosial çarxları, eləcə də nazirliyin həm ənənəvi media, həm də sosial media vasitəsilə aparılan məlumatlandırma, maarifləndirmə və təbliğat fəaliyyəti barədə geniş məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılar işçi qrupları tərkibində ənənəvi və sosial media ətrafında müzakirə və fikir mübadiləsi aparıb, müsbət təcrübələr ilə yaxından tanış olublar. Sonda 24-26 noyabr 2020-ci ildə keçiriləcək növbəti Kommunikasiya Forumunun mövzusu müəyyənləşdirilib. Forum "Daxili kommunikasiya" mövzusuna həsr ediləcək.