Braziliyanın Milli Konqresinin aşağı palatasının sədri Rodriqo Mayya jurnalistlərə bildirib ki, rəqəmsal maliyyə əməliyyatları üçün təklif olunan vergi təsdiq edilməyəcək. Bundan bir gün əvvəl isə Maliyyə naziri Paulu Qedes vergi sahəsində irəli sürülmüş təklif barədə məlumat verərək demişdi ki, yeni vergi braziliyalıların əməkhaqqına tətbiq edilən "sərt vergi"lərin yumşaldılmasına xidmət edəcək. Bundan əlavə, Maliyyə nazirinin sözlərinə görə, yeni vergi Braziliyanın dövlət səhiyyə sisteminə subsidiyaların ayrılması məqsədilə maliyyə əməliyyatlarına 1993-cü ildən tətbiq edilən və 2007-ci ilə qədər qüvvədə qalmış vergidən fərqlənəcək.
Parlamentin aşağı palatasının sədrinin mövqeyi isə belədir ki, hansı ad altında olur-olsun, maliyyə əməliyyatlarına istənilən verginin tətbiqi üçün palatanın cavabı "yox" olacaq.