Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir.
Yeni yaşayış məhəlləsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 4 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin may ayında başlanılıb. Yaşayış kompleksində hər biri beş mərtəbəli olmaqla altı ədəd yaşayış binası tikilib.
Qəsəbədəki mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır. O cümlədən, yaşayış məhəlləsində 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilmiş, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılmış, abadlıq və yaşıllaşdırma işləri görülüb. Bu kompleksə Ucar rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.