Bu ilin yanvar-noyabr aylarında "Azexport.az" portalına 532,3 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixrac sifarişləri 11 faiz artıb. İxrac icmalına əsasən, 2019-cu ilin noyabr ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 mln. ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 19 faiz artmışdır. 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,3%), Türkiyə (7,4%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ (5,3%) qərarlaşıb. Bu ilin noyabr ayında "Azexport.az" portalına ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti, toyuq yumurtası, şərab, qənnadı məhsulu, çay, sarımsaq, nar, nar konsentratı, göbələk, mebel dəsti, tikinti, materialı, fındıq ləpəsi, alma, soğan, boya, qızıl gül, kosmetik vasitə və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 noyabr tarixinə kimi (35 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 521,4 mln. ABŞ dolları təşkil edib.