Azərbaycan bu il 18 milyard dollardan çox məhsul ixrac edib

2019.12.28 11:49 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ixracı 18,3 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 mln. ABŞ dolları və ya 2 faiz artıb. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib: "Bu müddətdə qeyri-neft sektoru üzrə 1 mlrd. 781 mln. ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 mln. ABŞ dolları və ya 16 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 mln., Türkiyəyə 363,3 mln., İsveçrəyə 164 mln., Gürcüstana 150,6 mln. və Ukraynaya 46,3 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13 faiz, İsveçrəyə 33 faiz, Gürcüstana 29 faiz və Ukraynaya 27 faiz artıb", - deyə R.Hüseyn qeyd edib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 mln. ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 mln. ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 mln. ABŞ dolları) üçüncü olub.