"Nazirlər Kabinetinin "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilməsi qeyri-neft sektorunda istehsal həcminin artırılması, yerli və milli məhsulların həm daxili bazarda, həm də xarici bazarda rəqabətqabiliyyətli olmasına səbəb olacaq. Qərarda xammalların nomenklatura kodlarının tərkib hissəsinə baxdıqda müəyyən olunur ki, ölkəmizin ağır sənayesi, o cümlədən qida sənayesinin son məhsul buraxılışının daha da artırılmasına hesablanıb". Bunu qurumun departament rəhbəri Nicat Hacızadə bildirib. Onun sözlərinə görə, qərar Azərbaycanda hazırda istehsal olunmayan və yaxın gələcəkdə də gözlənilməyən xammallara yanaşmanı özündə tərənnüm edir: "Ölkəmizin qeyri-neft sənayesi son illər dinamik sürətlə artım statistikasına malikdir. Prezident İlham Əliyevin mətbuat nümayəndələri ilə görüşündə qeyd etdiyi məqamlarda, ixracın artımına mane olan səbəb kimi, daxili istehlakın artmasını xüsusi vurğulayıb. Təbii ki, bu əhalinin alıcılıq qabiliyyətinin artması, məşğulluğun artırılması ilə əlaqədar olaraq yaxşı xəbərdir. Amma ölkəmizin qeyri-neft sektoru xətti ilə yaranacaq valyuta artımına xüsusi ehtiyac var. Xarici valyuta maktoiqtisadi sabitlik üçün əsas zəminlərdən biridir. Bu baxımdan, idxal rüsumunun 15 faizdən 0 faizə endirilməsi, bu xammalardan istifadə edən 500 müəssisənin istehsal həcmini artıracaq, son nəticədə ixrac həcminin yüksəlməsinə dəstək olacaq".
N.Hacızadə qeyd edib ki, qərarın ixracla bağlı olan hissəsində ferroərintilər üçün ixrac rüsumun 5 faizdən 0 faizə endirilməsi ölkədə yenicə istehsala başlayan müəssisələr üçün əlavə imkan yaradacaq: "Rüsumun bu vaxta qədər tətbiq edilməsi daxili bazarda tələbatın çox olması ilə əlaqədardır. Artıq 2018-ci ildə Sumqayıt Kimya Sənayesi Parkında açılışı olan ferroərintilər zavodunun tam gücü var ki, xarici bazarlarda təmin etsin. İdxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ə dəyişikliklə bağlı qərarda qeyd edilən 500 müəssisə ölkəmizin qeyri-neft sənayesində əsas istehsal gücünə və ixrac potensialına malik olduğundan, son dəyişikliklər 2020-ci ilin qeyri-neft ixracında 2019-cu illə nisbətdə artıma səbəb olacaq".