Bu sözləri dekabrın 26-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev qurumun 2019-cu ilin yekunları ilə bağlı keçirilən hesabat tədbirində deyib: "Agentlik yarandığı gündən onun qarşısında bir neçə funksiya qoyulub. Bunlardan birincisi fermerlərə, aqrar sahədə çalışan insanlara güzəştli kreditlərin verilməsidir. AKİA bu sahədə müvafiq maliyyələşməni həyata keçirib. Digər vacib istiqamətlərdən biri isə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin idarə olunması, aqrar sahədə dövlət dəstəyi, xarici investorların cəlb edilməsidir. Əsas məsələlərdən biri də fermerlərin güzəştli kreditlərə əlçatanlığının təmin olunmasıdır".
O qeyd edib ki, 2018-ci ildə AKİA tərəfindən kənd təsərrüfatına təqribən 11 milyon manat, cari ildə isə 21 milyon manatadək güzəştli kredit verilib və bu, 717 fermeri əhatə edib.