Dekabrın 26-da Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyənin Ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə İqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və qarşılıqlı hörmətə, dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan region və dünya üçün böyük əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrini uğurla həyata keçirir, İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə qonaqlara ətraflı məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. Ruhsar Pekcan ölkəsinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı, nou-hauya əsaslanan bilik mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Həmin gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə işgüzar görüşü keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, işgüzar görüşdə iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının təmsil olunması qarşılıqlı əməkdaşlığa böyük marağı ifadə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə böyük önəm verdiyini vurğulayan nazir iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasının hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var və bu istiqamətdə tədbirlər davam etdirilir. İkitərəfli əməkdaşlıqda ticarət sahəsinin əhəmiyyətini vurğulayan İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artım tendensiyası davam edir. Bununla yanaşı, həyata keçirilən tədbirlər ticarət dövriyyəsinin daha da artmasına, strukturunun şaxələndirilməsinə geniş imkanlar yaradacaq.
İki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdıran Mikayıl Cabbarov iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib. Bildirilib ki, 2020-ci ilin fevral ayında Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə ölkəmizin sərmayə imkanlarının təqdimatının keçirilməsi nəzərdə tutulur ki, bu da ticarət əlaqələrinin inkişafında önəmli rol oynayacaq.
Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iqtisadi-ticarət tərəfdaşlığının inkişafı üçün geniş potensial olduğunu vurğulayıb, bugünkü görüşün, aparılan müzakirələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Türkiyəli nazir sahibkarları daha fəal əməkdaşlığa, qarşılıqlı sərmayə qoyuluşlarını artırmağa dəvət edib.
Görüşdə iştirak edən Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) sədri Nail Olpak ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində sahibkarlar biznes əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.