Cari ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb

2019.12.26 14:42 (UTC+04:00)

2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. Bu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1 faiz olub.
İqtisadi artımın 2020-ci ildə son 6 ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması proqnozlaşdırılır: “Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək”.