Qadın sahibkarlar üçün daha bir fürsət

2019.12.26 10:13 (UTC+04:00)

"Scale Up Accelerator" proqramında iştirakla bağlı müraciətlərin qəbulu davam edir. Proqramın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan qadınların bizneslərini genişləndirə və inkişafını sürətləndirə bilmələri üçün lazımi təcrübə ilə təmin edilməsi, həmçinin onların iqtisadiyyatdakı rolunun və təsirinin gücləndirilməsidir. Proqram 8 həftə boyunca davam edəcək. Proqramın iştirakçıları rəqəmsal transformasiya, onun əsas istiqamətləri və əhəmiyyəti, əqli mülkiyyət hüquqları və onların qorunması, korporativ kommunikasiya strategiyaları, resursların düzgün istifadəsi və şəxsi inkişaf kimi mühüm mövzulara toxunan sessiyalardan yararlanmaq imkanı əldə edəcək.

Peşəkarlardan yeni bilik və təcrübə qazanılması, eləcə də həmfikirlərlə işgüzar əlaqələrin qurulması baxımından çox əlverişli olan bu proqramda qadın sahibkarlar, təsisçilər və həmtəsisçilər iştirak edə bilərlər. Müraciətlərin qəbulu üçün son tarix dekabr ayının 28-dir.

Qeydiyyatdan keçmək və ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçiddən istifadə etmək olar:

www.abw.az

Xatırladaq ki, "Azərbaycan İşgüzar Qadınları" təşkilatının təşəbbüsü ilə yaradılan "Scale Up Accelerator" proqramı İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, "PAŞA Bank" və "PwC Azerbaijan" şirkətinin birgə dəstəyi ilə qadın sahibkarlar üçün nəzərdə tutulub.