Qarabağ müharibəsi əlillərinə, onlara bərabər tutulan şəxslərə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib

2019.12.24 18:09 (UTC+04:00)

Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına yaşayış binasında yaradılan şərait barədə məlumat verib. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması, onların avtomobillə təmin olunması üçün ardıcıl tədbirlər görülür. 1997-ci ildən 2018-ci ilədək Qarabağ müharibəsi əlillərinə 4597, şəhid ailələrinə 1582, İkinci Dünya müharibəsi, Çernobıl və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlara isə 475 mənzil və fərdi ev verilib. Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər 1998-2018-ci illər ərzində 6155 avtomobillə təmin edilib. Bu il isə daha 600 avtomobilin təqdim olunması nəzərdə tutulur. Yeni inşa olunan binada ümumilikdə, bir, iki və üçotaqlı 96 mənzil var ki, onlardan da 62-si Qarabağ müharibəsi əlilinə, 34-ü isə şəhid ailələrinə təqdim olunur. Bu qəbildən olan vətəndaşlara ilin əvvəlindən bəri 700 mənzil və fərdi ev verilib. İlin sonunadək isə 234 mənzil və fərdi evin təqdim olunması planlaşdırılır. Gələn il də bu istiqamətdə layihələr davam edəcək.

Dövlətimizin başçısı mənzil və avtomobillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüşüb.