Aİ-də maliyyə əməliyyatları vergisi tətbiq etmək müzakirə olunur

2019.12.20 18:35 (UTC+04:00)

Almaniya mətbuatında yayılmış xəbərlərə görə, Almaniya Maliyyə Nazirliyi Avropa İttifaqına (Aİ) üzv olan bəzi ölkələrdə maliyyə əməliyyatları vergisinin tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Qanun layihəsi uzun müddət maliyyə əməliyyatlarına vergi qoymağı müzakirə edən bir sıra ölkələrin maliyyə nazirlərinin arzusu ilə hazırlanıb.

Almaniya Maliyyə Nazirliyinin hazırladığı qanun layihəsi qəbul ediləcəyi təqdirdə Almaniya, Belçika, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Avustirya, Portuqaliya, Sloveniya və Slovakiyada qiymətli kağızların alğı-satqısı üçün vergi tutulacaq. Bu verginin tətbiqi ilə təkcə Almaniyada hər il 1,5 milyard avro vergi yığılması gözlənilir.

Qeyd edək ki, 2008-ci ilin maliyyə böhranından sonra təzyiqlər altında 2011-ci ildə Avropa Komissiyası tərəfindən maliyyə əməliyyatları vergisi tətbiq etmək təklif olunsa da, Aİ-nin üzvü olan ölkələrin əksəriyyəti tərəfindən bu təşəbbüs qəbul edilməmişdi.