Bu il Azərbaycanda tikinti materiallarının istehsalı artıb

2019.12.20 14:32 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4 faiz artaraq 709,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayında ölkədə 3.165,8 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,6 faiz azdır. Bu ilin yanvar-noyabr aylarında ölkədə 360,2 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 34,2 faiz çoxdur. Bu ilin yanvar-noyabr aylarında tikinti kərpicinin istehsalı 38,1 faiz artaraq 390,3 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 66,5 faiz azalaraq 13,5 min ton olub. Yanvar-noyabr aylarında tikinti əhənginin istehsalı 48,5 faiz artaraq 40,6 min ton təşkil edib.

Yanvar-noyabr ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 79,8 min ton olaraq, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 26,8 faiz artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 53,3 faiz azalaraq 38,9 min kubmetr təşkil edib.

Ötən 11 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 13,5 faiz artaraq 34.457,4 ton təşkil edib. Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 28,1 faiz artaraq 1.668,7 min ton təşkil edib.