Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç Cənub Qaz Dəhlizinin və onun əsas hissəsini təşkil edən TANAP layihəsinin Azərbaycan, Türkiyə və Avropa üçün əhəmiyyətini vurğulayıb: "Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan bu boru xəttinin böyük bir hissəsi Türkiyədən keçir. TANAP ölkələrimiz üçün tarixi əhəmiyyətə malik layihədir. Layihənin reallaşmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox böyük zəhməti var, mən ona xüsusi təşəkkür etmək istəyirəm.
Cənub Qaz Dəhlizi layihəsi barədə saziş mən Azərbaycanda səfir olarkən imzalanmışdı. O vaxtdan bu layihənin tikintisini, işlərin mərhələli şəkildə irəliləməsini çox yaxından izləyirəm. Keçən ay TANAP Avropa ilə birləşdirildi. Artıq Azərbaycan qazının Türkiyə üzərindən İtaliyaya, oradan da digər Avropa ölkələrinə nəqli mümkün olacaq. Həqiqətən də çox böyük əhəmiyyətə malik strateji layihədir.
Bu qazdan istifadə edən insanlar, ölkələr Qarabağ problemini gərək çox yaxşı anlasınlar, Azərbaycanın torpaqlarının işğal edildiyini bilsinlər. Çünki klapanlar Azərbaycanın əlindədir. Bu baxımdan, Cənub Qaz Dəhlizinin iqtisadi əhəmiyyəti qədər, siyasi önəmi də var.
Bir neçə il əvvəl Azərbaycan bu qədər böyük layihələri maliyyələşdirmək gücündə deyildi, ona görə də xarici maliyyə təşkilatlarına müraciət olunurdu. Lakin düzgün idarəetmə nəticəsində artıq Azərbaycan dünya miqyaslı layihələri reallaşdırır. Təsadüfi deyil ki, TANAP-ın maliyyələşdirilməsinin böyük hissəsini Azərbaycan öz üzərinə götürüb və qısa müddətdə bu layihə tamamlanıb.
Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf edir və Azərbaycan bölgədə bir ulduz kimi parıldayır. Böyük layihələrə sərmayələr yatırması Azərbaycanın gələcək inkişafının təminatıdır".
Səbuhi TURAN