Azərbaycanda külək enerjisi istehsalı 2 dəfə artıb

2019.12.19 15:33 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1.772,0 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faizlik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,9 faiz artaraq 298,4 mln. manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 21.176,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 4,57 faiz çoxdur. Bunun 1.464,5 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 10,3 faiz azdır.
Bunun 19.571,7 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 5,6 faiz çoxdur.

Hesabat dövründə Azərbaycanda 100 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2 dəfə çoxdur.
Yanvar-noyabr aylarında ölkədə 40,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 9,4 faiz çoxdur.