Prezident İlham Əliyev "CISCO" şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

2019.01.22 14:04 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə səfəri çərçivəsində yanvarın 22-də Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

Ölkəmizin müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Gerri Elliott qeyd edib ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott "CISCO" şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğulayaraq, bu baxımdan, ölkəmizdə islahatların aparılması üçün bacarıqlı liderin olmasını, konkret inkişaf planlarının mövcudluğunu, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək əsas amillərdən biri kimi inkişaf planlarında göstərilən hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin əsas amillər olduğunu qeyd edib.

Xanım Gerri Elliott "CISCO"nun ölkəmizin iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu vurğulayıb və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirib.

"CISCO" ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirib, bu əməkdaşlığın Azərbaycanın müəyyən etdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd edib.