İsveçrədə işgüzar səfərdə olan Prezident İlham Əliyev yanvarın 22-də Davosda "Visa" şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.
Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında "Visa" şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq olunan vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.
Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Visa" brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq olunan
vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib,
bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib
Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, "Doing Business 2019" hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.