İtaliya hökuməti iki verginin tətbiqi ilə bağlı düzəliş təklif edib

2019.12.18 13:41 (UTC+04:00)

İtaliyada gələn ilin büdcə layihəsində düzəliş edilərək tərkibində böyük nisbətdə şəkər olan sərinləşdirici içkilərə görə vergi tutulaması gələn ilin oktyabr ayına qədər təxirə salınıb. Əvvəllər bu verginin tutulmasına gələn ilin əvvəlində və ya ortasında başlamaq nəzərdə tutulmuşdu. Plastik qablaşdırmaların atılması üçün tutulacaq vergi hər kiloqram üçün əvvəlcə 50 sent nəzərdə tutulmuşdu, yeni qəbul edilən qaydaya əsasən, bu rəqəm 45 sentə endirilməlidir.

Mütəxəssislər isə bu vergilərin hər ikisinin tətbiqinin təxirə salınacağını təxmin edirlər. Çünki bu vergilərin tutulmasının nə dərəcədə zəruri olması barədə hələ heç hakim koalisiyanın təmsilçiləri arasında fikir birliyi yoxdur. Həm müxalifəti, həm də iqtidarı təmsil edən bəzi deputatlar isə belə hesab edirlər ki, hökumət ekologiyanı və səhiyyəni bəhanə edərək, nəyin hesabına olur-olsun büdcəni doldurmaq barədə düşünür.