İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İslahat İcmalı"nın xüsusi buraxılışı "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə həsr olunub. İcmalda "Bir Pəncərə"nin əsas funksionallıqları, ixracın həcmi, coğrafiyası, strukturu, habelə həyata keçirilən maarifləndirmə və məlumatlandırma tədbirləri haqqında məlumatlar təqdim edilib. Mərkəzdən verilən məlumata görə, "Bir Pəncərə"yə 2017-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayına qədər fiziki və hüquqi şəxslərdən 10.000 dəfə real müraciət daxil daxil olub. Mərkəz tərəfindən ümumilikdə 4.037 ədəd sertifikat (2.061 ədəd mənşə, 1.679 ədəd fitosanitar, 127 ədəd baytarlıq, 20 ədəd qida təhlükəsizliyi, 123 ədəd Beynəlxalq CİTES, 12 ədəd dini təyinatlı ədəbiyyata razılıq sənədi, 15 ədəd mədəni sərvətin mühafizəsi şəhadətnaməsi) verilib.
2017-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayına qədər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 290,5 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirilib.
İslahat icmalına əsasən, Mərkəz vasitəsilə həm dövlət, həm də özəl qurumlar tikinti-sənaye, kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, ayaqqabı altlıqları, qiymətli külçələr, qlükoza və nişasta məhsulları, diş məcunu, nəmləndirici krem, şərab, samovar, dini təyinatlı ədəbiyyat, o cümlədən nadir heyvan növlərindən sayılan Dağıstan turu, timsah dərisindən hazırlanan saat, çanta, nərəcinsli balıqların əti və kürüsü ixrac ediblər.
Mərkəzlə əməkdaşlıq edən şirkətlər arasında "AzərGold", "Baku Steel Company", "T.Əhmədov adına AZNAR", "ATENA", "Azərtütün", "Food Export Şəmkir", məhsullar arasında isə polad armatur yayması, polad boru, meyvə şirələri, nar, pendir ixracı üstünlük təşkil edib. Sertifikat verilən məhsullar əsasən İsveçrə, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, İraq, İsrail, Bolqarıstan, Qazaxıstan, Çexiya, Polşa, Sinqapur, İspaniya, Meksika, Macarıstan, Finlandiya, Kanada, ABŞ, Belarusiya, Vyetnam, Niderlanda ixrac edilib. İxrac olunan ölkələr arasında İsveçrə (71, 3 milyon ABŞ dolları), Rusiya (46, 8 milyon ABŞ dolları), Gürcüstan (36, 6 milyon ABŞ dolları), Türkiyə (16.9 milyon ABŞ dolları), Ukrayna (1 milyon ABŞ dolları) öz ixracı ilə digər ölkələrdən fərqlənib.