Azərbaycan qara metal ixracını azaldıb, alüminium ixracını isə artırıb

2019.12.17 18:31 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 117.854,77 min ABŞ dolları dəyərində 59.493,42 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin ilk on bir ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz, həcmi isə 27,2 faiz artıb.

Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycan 54.777,74 min ABŞ dolları dəyərində 90.634,15 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib. Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatlarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz, həcmi isə 21,5 faiz azalıb.