Vergi siyasəti üzrə xarici təcrübə və Azərbaycan nümunəsi mövzusunda müzakirə aparılıb

2019.12.17 14:11 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində "Sahibkarlığın inkişafında vergi siyasəti: xarici təcrübə və Azərbaycan nümunəsi" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə Vergilər və İqtisadiyyat nazirliklərinin nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət və biznes nümayəndələri, elm adamları iştirak ediblər.

Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov tədbirdə çıxış edərək dövlət və özəl sektor arasında dialoqun beynəlxalq təcrübəsindən danışıb. Təmsil etdiyi universitetin alkoqollu içkilərə tətbiq edilən vergilərin onun istehlakına təsiri, fiksal siyasətin uğurlu tənzimlənməsi kimi mövzularda apardığı araşdırmaların nəticələri barədə məlumat verib.

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva vergi siyasətinin iqtisadiyyata investisiya qoyuluşlarının təşviqində mühüm rolunu qeyd edib. Qeyri-şəffaflığın aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü vurğulayan S. Musayeva Vergi Məcəlləsinə dəyişikliklər, onların sosial-iqtisadi əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.