Avropa Komissiyası Britaniya ilə münasibətləri yenidən qurmağı planlaşdırır

2019.12.17 14:55 (UTC+04:00)

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Böyük Britaniya Avropa İttifaqından (Aİ) ayrılandan sonra bu ölkə ilə ticarətdə rüsum və kvotaların sıfır dərəcə ilə tətbiq olunması planlaşdırılır. "Bizim hədəfimiz sıfır rüsumlar, sıfır kvotalar və sıfır dempinq tətbiq olunmasıdır", - xanım Ursula fon der Lyayen mətbuat konfransında bildirib. Hazırkı razılaşmaya əsasən, Böyük Britaniya Aİ-ni yanvarın 31-dən gec olmayaraq tərk edəcək. Böyük Britaniyanın Aİ-dən ayrılması ilə bağlı sazişi ölkənin parlamenti ratifikasiya edə bilmədiyinə görə Breksit iki dəfə təxirə salınıb. Belə bir razılaşma olmasa, hər iki tərəfin ciddi iqtisadi problemlərlə üzləşəcəyi bildirilir. Böyük Britaniya Aİ-dən ayrılandan sonra isə gələcək əməkdaşlıq, eləcə də ticarət əlaqələrinin qurulması barədə danışıqlar başlanmalıdır.