Azərbaycan MDB-də adambaşına düşən qızıl-valyuta ehtiyatlarına görə birinci olub

2019.12.16 17:49 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda adambaşına düşən qızıl-valyuta ehtiyatlarının həcmi 4.890 ABŞ dolları təşkil edib ki, bu da MDB ölkələri arasında qeydə alınmış ən yüksək göstəricidir. Bu barədə "APA-Economics" Belarusun "banki24" nəşrinin dərc etdiyi icmala istinadən xəbər verir. Bu göstərici üzrə Azərbaycan MDB-də Qazaxıstan (4.790 dollar) və Rusiya (3 690 dollar) kimi ölkələri geridə qoyub. Moldovada bu göstərici 1.030 dollar, Belarusda – 970 dollar, Özbəkistanda – 840 dollar, Ermənistanda – 800 dollar, Ukraynada – 605 dollar, Qırğızıstanda – 350 dollar olub.

İcmalda həmçinin qeyd olunub ki, MDB ölkələri arasında ən böyük ümumi qızıl-valyuta ehtiyatlarına isə Rusiya (542 mlrd. dollar) və Qazaxıstan (89,1 mlrd. dollar) malikdir.
Hesabat ilində Azərbaycanın ümumi qızıl-valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə 11,4 faiz artıraraq 49,2 mlrd. dollara çatıb. Bu göstərici üzrə Azərbaycan MDB-də Rusiya və Qazaxıstandan sonra 3-cü olub.

Valyuta ehtiyatlarının bir hissəsi hələ də strateji dövlət fondlarında yerləşdirilir. Azərbaycan Dövlət Neft Fondunun payına ölkənin ümumi qızıl-valyuta ehtiyatlarının 87,5 faizi düşür. Ümumilikdə, 2018-ci ilin sonundan 2019-cu ilin noyabr ayınadək öz milli valyutası olan 18 MDB və 16 Şərqi Avropa ölkəsi qızıl və valyuta ehtiyatlarını dollar ifadəsində artırıb.

Qazaxıstan və Gürcüstanda artım cüzi olub. Yalnız Bolqarıstan və Rumıniyada qızıl və valyuta ehtiyatları azalıb.