Bu il əsas kapitala 13 milyard manata yaxın vəsait yönəldilib

2019.12.16 15:42 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12.786,9 mln.manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil edib.

Məlumata görə, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,9 faiz təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Muğam Mərkəzi, Nizami kinoteatrının yeni binası, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə" Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında "Azərxalça" ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, bunlardan əlavə Bakı şəhərində 960 şagird yerlik ümumi təhsil müəssisəsi, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1860 şagird yerlik 6 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 65 nəfər olan 4 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624, Lerik rayonunda 180, Cəlilabad rayonunda 180, İsmayıllı rayonunda 400, Quba rayonunda 180 şagird yerlik ümumi təhsil müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq xəstəxana, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.