"ASAN Viza" sistemi vasitəsilə indiyədək 1.842.000-dən çox viza verilib. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu vizaların 34 faizi Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. 2019-cu ilin ilk 11 ayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 39 faiz daha çox, yəni 869.905 viza verilib. "ASAN Viza" ilə Azərbaycana səfər edən bu əcnəbilərin 82 faizi səfər məqsədini turizm olaraq qeyd edib.
Azərbaycana elektron viza üçün ən çox müraciət edənlər Birləşmiş Krallıq, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Pakistan, Çin, İran, Türkmənistan vətəndaşlarıdırlar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan "ASAN Viza" sisteminin idarə olunması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.