2019-cu ilin ötən dövründə Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi davam edib. Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1 faiz təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,6 faiz olub. Bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15,7 faiz, kənd təsərrüfatında 7,3 faiz artım müşahidə olunub.
Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosial yönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6,9 faiz artıb ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir.
Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirib.
Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərib. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64,1 ABŞ dolları təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə 2019-cu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2,3 faiz, o cümlədən, qeyri-neft ixracı 17,5 faiz artıb, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9 faiz olub.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,7 faiz və ya 5,7 milyard dollar artaraq 50,4 milyard dollara çatıb.