"Biz qadınların hüquqlarını müdafiə edəndə, onların acizliyini iqtisadi baxımdan zəif olub-olmamasını əsasən müəyyən edirik. İqtisadi baxımdan azad qadın heç nədən qorxmur, inamla gəzir və öz hüquqlarını qoruyur". Bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Scale Up" qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında deyib.
O bildirib ki, regionlarda yaradılan qadın resurs mərkəzləri sosial cəhətdən zəif olan, boşanmış və məişət zorakılığına məruz qalmış qadınları iqtisadi maariflındirməklə məşğul olur, onlara biznes bacarıqlarını öyrədir: "Sonra onlara şans veririk ki, öz biznes planlarını yazıb fəaliyyətə başlasınlar. Hər bir qadının daxilində bacarıq var. Mümkün deyil ki, o, nəyisə bacarmasın. Qadında nəyisə görmək üçün təşkilatlara ehtiyac var. 9 rayonda mövcud olan qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində artıq 200-dən artıq qadın öz biznesinə başlayıb. Bu gün Azərbaycanda qadınların öz bizneslərini başlamaq üçün imkanlar var. İnsanlara sadəcə bunu göstərmək lazımdır", - sədr müavini qeyd edib.