Məşhur futbolçular vergidən yayındıqları üçün mühakimə olunublar Yenilənib

2019.01.23 12:28 (UTC+04:00)

Yanvarın 22-də Madriddə keçirilmiş məhkəmə iclasında Kriştiano Ronaldo ona qarşı irəli sürülmüş iddia ilə razılaşaraq 18, 8 milyon avro cəriməni ödəməyi qəbul edib. İspaniya qanunvericiliyinə görə, bu ölkədə iki ilə qədər həbs cəzasına məhkum edilənlərin cəzası şərti verilir, başqa sözlə, onlar cəmiyyətdən təcrid edilmir. Ronaldonun əməlində zorakılıq olmadığına görə, onun həbsə alınacağı gözlənilmir.

Vergi qaçaqlığında ittiham edilən digər məşhur futbolçu Xabi Alonso isə ona qarşı irəli sürülmüş iddianı rədd edərək, günahsızlığını sona qədər müdafiə edəcəyini bildirib.

* * *

Yanvarın 22-də Madrid məhkəməsi İspaniyada vergidən yayınmaqda ittiham edilən portuqaliyalı futbolçu Kristiano Ronaldonun məsələsinə baxacaq. O, vergi qaçaqlığında ittiham olunur. Maliyyə orqanlarının və prokurorluğun hazırladıqları iddianaməyə əsasən, 2011-2014-cü illərdə bir-birindən fərqli dörd maliyyə cinayətində günahlandırılan Ronaldo haqqında prokurorluq 2 il həbs cəzası və ümumilikdə 18,8 milyon avro pul cəzası verilməsini tələb edir.

2009-cu ildən 2018-ci ilə qədər Madridin "Real" komandasında oynamış və bu futbol mövsümünün əvvəlində İtaliyanın "Yuventus" komandasına transfer edilmiş 33 yaşlı Ronaldo imic haqlarından əldə etdiyi gəlirləri offşor hesablarında saxlamaqla vergi qaçaqçılığına görə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Madrid məhkəməsi eyni iclasda əslən İspaniyadan olan Xabi Alonsonun da işini araşdıracaq.