Litvada iri ticarət şəbəkələrinin əlavə vergiyə cəlb edilməsi təxirə salınıb

2019.12.11 19:09 (UTC+04:00)

Litva Seymi iri ticarət şəbəkələrinə vergi tətbiq etməyi nəzərdə tutan qanun layihəsinin müzakirə edilməsini təxirə salıb. Hökumətin təqdim etdiyi həmin sənədə əsasən, aylıq dövriyyəsi əlavə dəyər vergisi olmadan 2 milyon avrodan artıq olan ticarət şəbəkələrinin vergiyə cəlb olunmasını təklif edilir. Ödəniş riteylerlərin əldə etdikləri gəlirin 1 faizi qədər olmalıdır. Yeni vergi dərmanların, enerji daşıyıcılarının, qazın, suyun, kommunal şəbəkələr vasitəsilə təchiz olunan hər hansı enerji növünün satışına şamil edilməyəcək. Qanun layihəsinin müəlliflərinin hesablamalarına görə, yeni verginin tətbiqi dövlət büdcəsinə hər il əlavə 32 milyon avro vəsaitin daxil olmasına şərait yaradacaq.

Seymin Büdcə və maliyyə komissiyasının sədri Valyus Ajuolas bildirib ki, bu qanunun qəbul etməsi Litvada bir çox mal və xidmətlərin qiymətinin artmasına səbəb ola bilər. Ona görə də qanun layihəsi qəbul edilməzdən əvvəl xarici təcrübəyə əsaslanmaq zəruridir.

Qeyd edək ki, qanun layihəsinə baxılması Seym tərəfindən təxirə salındığına görə bu il qəbul edilməyəcək.