Yerli MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 91,5 faizə çatıb

2019.12.10 18:01 (UTC+04:00)

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron qaydada aparılır. 2018-ci ilin sonlarında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda edilmiş dəyişikliklər də ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib.

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatının yüksək sürətlə artım dinamikasına nail olunub. Həmin dövrdə qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,7 faizdən 89,2 faizədək yüksəlib. Bu ilin son altı ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub, noyabr ayında isə 91,5 faiz təşkil edib.

Bu ilin əvvəlindən ən yeni qeydiyyat üsulu - fin kod+mobil nömrə ilə 868 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində biznesə başlama üzrə aparılmış islahatlarla bağlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi İcra və Kommunikasiya planlarında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Vergilər Nazirliyində müvafiq koordinasiya işləri yerinə yetirilib.

2019-cu il noyabrın 1-dək 13 min 536 xarici investisiyalı kommersiya qurumu qeydiyyata alınıb. Onlardan 5,7 faizi ləğv edilib. Hazırda qeydiyyatda olan 12 min 762 xarici investisiyalı kommersiya qurumundan 2.708-i müştərək (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birlikdə təsis edilmiş) hüquqi şəxslər, 2.686-sı xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılmış filial və ya nümayəndəliyidir.

Bu ilin 10 ayındə 2.349 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bu, 2018-ci ildə dövlət qeydiyyatına alınan kommersiya qurumlarının sayından 69,1 faiz çoxdur. Onların 40,8 faizi xidmət, 24,5 faizi ticarət, 11,2 faizi isə tikinti sektorunda fəaliyyət göstərir.