Akvakultura məhsullarının vergiyə cəlb edilməsinin nə dərəcədə səmərəli olub-olmadığını qiymətləndirmək üçün Norveç hökumətinin təşkil etdiyi komitə artıq öz hesabatını təqdim edib. Mütəxəssislər bu sahəyə 40 faiz dərəcəsi ilə vergi qoyulmasını tövsiyə ediblər – bununla büdcəyə əlavə 770 milyon dollar vəsait daxil olacağı gözlənilir.
Komitə qiymətləndirmə zamanı ölkənin hidroelektrik stansiyalarının vergiyə cəlb edilməsi sisteminə əsaslanıb. Təklif olunan vergi sektorun gəlirliliyini, texniki və bazar şərtlərini nəzərə alıb. Bununla belə, irəli sürülmüş təklifdə şirkətlərin zərərlə işləməsi şərti nəzərə alınmayıb.
Hesabatda göstərilib ki, Norveçin bu cür vergi tətbiqi üçün neft və energetika sahəsində yaxşı təcrübəsi var. Komitənin qeydinə görə, bu verginin dərəcəsi gələcəkdə sahənin gəlirliyindən asılı olaraq dəqiqləşdiriləcək.
Norveç hökumətinin akvakultura məhsullarına 40 faizlik vergi tətbiqi ilə bağlı məsələni gələn ilin yazında müzakirəyə çıxaracağı gözlənilir.