Aqrar sığorta sistemi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarını, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanları və akvakultura məhsullarını əhatə edəcək. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib: "Azərbaycanda yeni sığorta sisteminin tətbiq olunması, aqrar sahədə sığortaya marağın genişləndirilməsi, eyni zamanda bu sahənin təşviq olunması, fermerlərin sığorta məhsullarına əlçatanlığının təmin olunması kənd təsərrüfatının davamlı inkişafına xidmət göstərəcək. Sirr deyil ki, kənd təsərrüfatı müxtəlif təbii risklərdən çox asılıdır. Məsələn, iqlim gözlənilməzlikləri var, hava şəraitinin kəskinləşməsi, yanğın kimi amillər əksər hallarda proqnozlaşdırılması bir qədər çətin olan hadisələrdir. Ona görə də digər sahələrə nisbətən daha riskli sayılan aqrar sektor sığorta şirkətləri üçün cəlbedici deyil. Bununla belə, ölkənin ərzaq təhlükəsizliyi baxımından böyük strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı sahəsində müvafiq sistemlərin qurulması aqrar sektorun təşviq edilməsi üçün çox vacib məsələdir.
Müştərək sığorta prinsipləri əsasında və dövlət-özəl sektor tərəfdaşlığı formatında yaradılan yeni sistem bütövlükdə imkan verir ki, dövlət Aqrar Sığorta Fondu riskləri öz üzərinə götürsün. Bu fondun yanında özəl aqrar sığorta şirkətlərinin bərabər paya malik olması ilə idarəedici qurum formalaşdırılıb. Əməliyyat işləri bütövlükdə bu qurumun üzərinə keçəcək, sığorta haqlarının yığılması və sığorta hadisələrini qiymətləndirmək üçün müstəqil ekspertlər institutu formalaşdırılacaq. Onlar tam bitərəf şəkildə sığorta hadisələrini qiymətləndirəcəklər.
Aqrar sığorta sisteminə əsasən, aqrar sığorta haqlarının 50 faizlik hissəsini dövlət maliyyələşdirəcək. Riskləri dövlətin öz üzərinə götürməsi, sığorta haqlarının yarısının dövlət büdcəsi hesabına maliyyələşdirilməsi və əməliyyat işlərinin özəl sektora ötürülməsi vətəndaşlar üçün yüksək keyfiyyətlə xidmət göstərilməsini təmin edəcək. İnanırıq ki, yeni sığorta sisteminin tətbiq olunması ilə ölkədə kənd təsərrüfatının davamlı inkişafının bərqərar olması, əhalinin maliyyə xidmətlərinə çıxışının asanlaşması aqrotexniki qulluqların müvafiq qaydalara uyğun aparılmasına, beləliklə, yüksək məhsuldarlıqlı kənd təsərrüfatı formalaşmasına öz töhfəsini verəcək".
Səbuhi TURAN