Ukraynanın işgüzar dairələri vergi sistemindən narazıdır

2019.12.06 19:03 (UTC+04:00)

Avropa Biznes Assosiasiyasının bu ilin noyabr ayının son həftəsində yaydığı hesabatda göstərilir ki, Ukraynada vergi sistemindən narazı olan iş adamlarının nisbəti 23 faizdən 26 faizə yüksəlib. Sənəddə qeyd olunanlara əsasən, bu ilin aprel-oktyabr ayları üzrə vergi indeksi 5 mümkün baldan 2,9 bal olub, bundan əvvəlki dövrdə isə həmin göstərici 2,98 idi.
Assosiasiyanın hesabatına görə, hazırda qüvvədə olan vergi rejiminin iş adamlarının biznes aparmasına şərait yaratdığını qeyd edənlərin nisbəti 68 faizdən 64 faizə enib. Bundan əlavə, ekspertlərin cəmi 18 faizi vergi hesabatlarının hazırlanmasını və vergi inzibatçılığını müsbət qiymətləndirib, 33 faiz isə bu proseduru mürəkkəb hesab edir. Rəyi soruşulanların 28 faizi öz üzərində fiskal təzyiq hiss etdiyini göstərib, 29 faizi hesab edib ki, fiskal təzyiq, demək olar ki, mövcud deyil, 9 faizi isə bu cür təzyiqlə rastlaşmadığını bildirib.