Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində indiyədək 1 mlrd. tondan çox müxtəlif yüklər daşınıb. "APA-Economics"in məlumatına görə, bu barədə "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası zamanı TRACECA-nın Baş katibi Mirça Çiopraqa bildirib. Onun sözlərinə görə, ötən dövr dəhlizlə nəql edilən yüklərin 50 faizi karbohidrogenlərin payına düşüb.
M. Çiopraqa onu da qeyd edib ki, TRACECA çərçivəsində Avropa İttifaqı ilə birgə ümumi dəyəri 187 mln. avro olan 85 layihə reallaşdırılıb: "Bütövlüklə, dəhliz çərçivəsində infrastrukturun inkişafına 4 mlrd. avro investisiya qoyulub".