"Bu gün bizim ən böyük problemlərimizdən biri əqli mülkiyyətin, eyni adlı məhsulların başqa şirkətlər və yaxud fiziki şəxslər tərəfindən ölkəyə gətirilməsidir. Hesab edirik ki, bu cür problemlərlə, xüsusilə də təmsilçilik institutu ilə bağlı müəyyən texniki problemlərlə bağlı suallar və təkliflər ola bilər". Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O, bu barədə iştirak etdiyi "Caspian European Club" üzvləri üçün keçirilən "B2G Forum"unu şərh edərkən danışıb.
S.Mehdiyevin sözlərinə görə, gömrük sistemində şəffaflığa demək olar ki, nail olunub: "Şəffaflaşma ilə bağlı hədəflərə demək olar ki, nail olmuşuq. Bəzi işbazlar tərəfindən müəyyən addımlar atılmağa cəhd edilir, amma biz bu işdə əli olan son inspektora qədər təmizləmə işlərini davam etdirəcəyik. "Yaşıl dəhliz" buraxılışı sistemi üzrə ticarət dövriyyəsinin dəyəri bu sonuna qədər 7 milyard ABŞ dollarına çatdırılacaq. Bu isə böyük göstəricidir. Məhz DGK əməkdaşları il ərzində 250 milyon dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb. Təəssüf ki, bunun da əksəriyyəti narkotik vasitələr, silah- sursatdır".
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycanda nəqliyyat vasitələri ilə ölkə sərhədindən çıxan zaman iş adamları və fiziki şəxslər üçün sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanılıb. Onun sözlərinə görə, növbəti ildə bu sistem TIR, avtobus və digər nəqliyyat vasitələrində də tətbiq olunacaq.
Komitə sədri həmçinin "Yaşıl dəhliz" sisteminin tətbiqinə toxunaraq qeyd edib ki, bu sistemin bu ilin fevralından tətbiqinə baxmayaraq, ümumi ticarət dövriyyəsi 6,4 mlrd. ABŞ dollarını ötüb: "Hesab edirəm, gələn il bu rəqəm daha da artacaq".