"Azərbaycanda Məşğulluğa Dəstək" layihəsi üzrə görüləcək işlər müzakirə olunub

2019.12.05 16:45 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıq özünüməşğulluq proqramını da əhatə etməklə, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan verən bu proqramın genişlənməsinə öz mühüm dəstəyini verəcək. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və Dünya Bankının "Azərbaycanda Məşğulluğa Dəstək" layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüşdə bildirib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan köklü islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verən nazir aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini deyib. O, ötən dövrdə nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, birgə icra olunan layihələrin əmək, məşğulluq və sosial müdafiə sahələrində islahatlarda əhəmiyyətini diqqətə çatdırıb.

Nazir "Azərbaycanda Məşğulluğa Dəstək" Layihəsinin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluğun təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin institusional potensialının artırılması və s. işlərdə töhfəsini verəcəyini qeyd edib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və qiymətləndirmə missiyasının üzvləri əməkdaşlıq müstəvisində aparılan işlərlə əlaqədar fikirlərini bölüşüblər. Görüşdə Dünya Bankının nazirliklə hazırkı və gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb, "Azərbaycanda Məşğulluğa Dəstək" layihəsi üzrə görüləcək birgə işlər müzakirə olunub.