Azərbaycanda e-ticarətin həcmi kəskin artıb

2019.12.05 16:11 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bank kartları (debet və kredit) vasitəsilə 2.298 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatları həyata keçirilib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə e-ticarətin həcmi 2 dəfəyə yaxın artıb.

Ölkə daxilində həyata keçirilən elektron ticarət əməliyyatlarının 1.970 mln. manatı debet kartları, 328 mln. manatı kredit kartları vasitəsilə reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3 faiz artım qeydə alınıb. Oktyabr ayında elektron ticarət əməliyyatlarının həcmi illik ən yüksək göstəriciyə çataraq 302 mln. manat təşkil edib.

Qeyd edək ki, noyabrın 1-nə ölkədə 7.136 min ödəniş kartı dövriyyədə olub. Bunun 2.383 mini sosial, 2.276 mini əmək haqqı, 758 mini kredit, 1.719 mini digər kartlardır.