Yaponiya mətbuatında yayılmış xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp ilə Yaponiyanın Baş naziri Abe Şinzo arasında əldə olunan ticarət sazişi keçən ay ölkə parlamentinin Nümayəndələr Palatasında təsdiq olunduqdan sonra artıq məclisin üst səviyyəsindən də keçib.
Gələn ildən qüvvəyə minəcək saziş çərçivəsində Yaponiyanın ABŞ-dan idxal etdiyi mal, qoyun və donuz əti, buğda, pendir, qarğıdalı və şərab kimi bəzi kənd təsərrüfatı və sənaye məhsullarına tətbiq olunan gömrük vergisi dərəcələrinin ya aşağa salınması, ya da tamamilə ləğv edilməsi gözlənilir. ABŞ-ın da Yaponiyadan emal avadanlığı və kondisioner kimi sənaye məhsullarına görə tutulan vergiləri azaldacağı bildirilib.
Yaponiyanın ABŞ məhsulları üçün təxminən 7,2 milyard dollarlıq gömrük vergisi endiriminə gedəcəyi təxmin olunur. Bu saziş sayəsində ölkənin ümumi daxili məhsulunda 37 milyard dollar artım olacaq.